Мой сайт ГлавнаяРегистрацияВход Bazar
19.05.2024
04:55
Приветствую Вас Qonaq | RSS
Меню сайта
Мини-чат
Наш опрос
Saytda en cox hansi bolme Xosunuza gelir?
Bütün cavablar: 318
Статистика

Online: 1
Qonaq 1
İstifadəçi 0
 Siyasət 
                                    ADNA-da baş verən hadisələrə Əyyub Kərimovun fikirləri
 
 
«Yaşından asılı olmayaraq bu silahla vuracağam, öldürəcəyəm, həzz alacağam sevgi-məhəbbət mənə yaraşmır… Qalır bir yolum, çoxlarını öldürməli olacağam… Mən gələcəyəm, mən gəlirəm Bakıya...»

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi aprelin 30-da Neft Akademiyasında qətl törədən Fərda Qədirovun mobil telefonundan görüntüləri yayıb. Bu görüntülər ötən cümə dövlət televiziyasında yayımlandıqdan sonra hüquqşünaslar bu mövzunu müzakirə etməyə başlayıblar.

Hüquqşünas Bəhruz Kərimov deyir ki, istintaq bu görüntüləri yaymaya da bilərdi. Görüntüləri yaymaqla hadisənin əvvəlcədən adi cinayət hadisəsi kimi təqdim olunmasından sonra camaat arasında istintaqın heç bir iş görmədiyi fikrini dağıtmaq üçün edilib.

«Femida» qəzetinin baş redaktoru Əyyub Kərimovsa deyir ki, ictimai fikrin qarşısında dayana bilmədiyindən istintaq bu görüntüləri yayıb. Hüquqşünasa görə, bu məlumat yarımçıqdır və əvvəlki iki məlumatda olduğu kimi yenə motivdən söhbət getmir:

«Hüquq-mühafizə orqanı lentləri nümayiş etdirənə qədər silahın Azərbaycana necə keçməsindən danışmalıydı. Həmin silahın Azərbaycana necə keçdiyini deyə bilmirsə, bu gün də Fərdalar gəlir, bu gün də Azərbaycana silahlar keçir».

Hüquqşünaslar arasında belə fikir də var ki, bu açıqlamayla istintaq işini bitmiş sayacaq.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovsa deyir ki, həm silahın Azərbaycana necə keçirilməsi, həm də digər nüansları istintaq hələ araşdırır:

«Fərda Qədirovun həmin silahı dövlət sərhədindən Azərbaycana necə keçirməsi Dövlət Sərhəd Xidməti ilə birlikdə araşdırılır. Növbəti açıqlamalarımızda bu məsələyə aydınlıq gətiriləcək. İstintaqın gedişi ilə bağlı ictimaiyyətə mütəmadi olaraq açıqlamalar veririk. Növbəti açıqlamalarımız da gözlənilir».

Əyyub Kərimovsa deyir ki, istintaq Fərda Qədirovun bu hadisəyə necə hazırlaşmasına, tək, yoxsa bir neçə nəfərlə olmasına aydınlıq gətirməlidir. Onun fikrincə, bunları açıqlamadıqca istintaq hadisəni ictimaiyyətə sıradan cinayət kimi təqdim etməyə çalışır:

«Bu adam deyir ki, mən gedirəm Bakıya, mənim hər addımım qandır. Demir ki, gedirəm Neft Akademiyasına, gəldi Bakıya, elə düşən kimi başlayardı atmağa, o isə istirahət edir, gecəni qalır, səhər evdən çıxır. O bu işi planlaşdırmasaydı, elə küçədəki adamları güllələyərdi, niyə Neft Akademiyasına, niyə o korpusa gedir. O bunu seçib. Onun psixoloji, fiziki hazırlığı görün nə qədər güclüdür».

Hüquqşünas Bəhruz Kərimovsa deyir ki, bu hadisə terror olsa da, istintaq bunu bu cür təqdim etmək istəmir.

Aprelin 30-da Neft Akademiyasında 12 nəfər öldürülüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs də özünü öldürüb
.
 
Onlar hamısı evinin kandarında öldürülüblər...
«O, yaşadığı evin qabağında odlu silahla qətlə yetirildi». Son illər Azərbaycanda ən çox danışılan qətlləri araşdıranda daha çox bu xətt üzə çıxır. Öldürülənlərin böyük əksəriyyəti ya yaşadığı binanın qarşısında, ya da blokda öldürülür. Sadalayaq: general Eduard Hüseynov, parlamentin sədr müavini Afiyyəddin Cəlilov, Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov, akademik və deputat Ziya Bünyadov, deputat Əli Ansuxski, Respublika Prokurorluğunun idarə rəisi Rövşən Əliyev, Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru Etibar Elkin, AFFA-nın vitse-prezidenti, polkovnik Fətulla Hüseynov, «Monitor» jurnalının redaktoru Elmar Hüseynov və nəhayət, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general leytenant Rail Rzayev. Fevralın 11-də evinin qarşısında güllənənən Rail Rzayevin qətlindən bir ay ötdü. Amma hələ də qətlin sifarişçisi və ya onu törədənin kimliyi ilə bağlı rəsmi məlumat yoxdur. Qətllə bağlı rəsmi versiya da irəli sürülməyib. Hərçənd bu arada mətbuat və müstəqil mütəxəssislər müxtəlif versiyalar irəli sürməkdən çəkinmirlər. Amma söhbətimiz təkcə Rail Rzayevin ölümü haqda deyil. Son illərin ən hay-küylü qətllərini sıralayanda bir məqam da ortalığa çıxır. Öldürülənlərdən bəzilərinin yaxınları ya hadisə vaxtı, ya sonradan qətlə yetirilir və ya ölümlə hədələnir. Xatırladaq: Etibar Elkin iki oğluyla birgə öldürülmüşdü. Ziya Bünyadovun nəvəsi ölümündən təxminən bir il sonra Amerikada qətlə yetirildi. Adam oğurluğu və qətllərlə məşğul olan DİN-in sabiq idarə rəisi Hacı Məmmədovsa məhkəmədə bildirmişdi ki, kriminalist Rövşən Əliyevin oğlu Rain Əliyevi də qətlə yetirmək haqda sifariş alıbmış. Bu haqda mərhumun ailəsinə xəbərdarlıq da edib və Rövşən Əliyevin xanımı məhkəmədə bu məlumatı təsdiqləyib. Və ya jurnalist Elmar Hüseynovun həyat yoldaşı, «Bakinski Vedomosti» qəzetinin redaktoru Ruşaniyyə Hüseynova da oğlu ilə mühacirətə yollanmasını həyatının təhlükədə olması ilə izah etmişdi. Amma son illərin ən çox danışılan qətllərini birləşdirən başqa cəhətlər də var. Öldürülənlər Azərbaycanda nüfuz sahibləri olub. Ən mühüm postlarda təmsil olunublar. Eyyub Kərimov bir nüansa da diqqət çəkir: qətllər bəzən çox mühüm dövlət qurumlarının iki addımlığında baş verirMəsələn, Prezident yanında Xüsusi İdarənin rəisi, parlament sədrinin müavini və deputatlar. Amma ən ümdəsi, öldürülənlər həm də hüquq-mühafizə orqanları ilə bağlı adamlardır: kriminalist Rövşən Əliyev, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Azər İsmayılov, keçmiş DİN əmkədaşı Fətulla Hüseynov…Bu üzdən həmin qətllər ictimai maraq və diqqət mərkəzində dayanıb. Bununla bağlı həmişə doğruya bənzər və ya ağlasığmaz versiyalar dolaşıb. Amma bununla belə, son illərin ən çox danışılan qətllərin sifarişçiləri bir yana, bəzən icraçıları da həbs edilməyib, hələ də azadlıqdadırlar. Ya da qətllərin üstü tam açılmayıb, qurulan məhkəmələrin obyektivliyinə, qatil kimi azadlıqdan məhrum edilənlərin bu cinayətlə bağlılığına cəmiyyətdə bəzən şübhə ifadə edilib. Niyə? Hüquqşünas Eyyub Kərimova görə, səbəb çox sadədir. Bu qətllərin bir ucu ya hakimiyyət olimpində, ya da hakimiyyətin müxtəlif qollarında təmsil olunanların maraqlarına toxunur: «Həmin cinayətlərin üstünün açılması hakimiyyətin ifşa olunması deməkdir. İstər Afiyyədin Cəlilovla Şəmsi Rəhimovun, istər Ziya Bünyadovun və ya başqalarının ölümü olsun…Məsələn, Fətulla Hüseynovla Rövşən Əliyevin qətlində ittiham olunan Hacı Məmmədov məhkəmədə çox mətləblərə toxundu, çox şeylərin üstünü açmaq istədi. Amma istintaqçılar da, məhkəmə də dərinliyə gedə bilmədi. Siyasi hakimiyyət dəyişməyənə qədər çətin bu cinayətlər açılsın…» E.Kərimov bir nüansa da diqqət çəkir: qətllər bəzən çox mühüm dövlət qurumlarının iki addımlığında baş verir. Məsələn, kriminalist Rövşən Əliyev Respublika Prokurorluğunun iki addımlığında, Rail Rzayevsə bir neçə nazirliyin yerləşdiyi ərazinin yaxınlığında öldürülüb və sairə. Eyyub Kərimov: «Bu da cinayətkarların arxayınlığından xəbər verir. Kiməsə və harasa bağlıdırlar ki, hətta dövlət qurumlarının yaxınlığında belə adam öldürməkdən çəkinmirlər». E.Kərimova görə, hüquq-mühafizə orqanlarının qapatmağa çalışdığı istintaq işləri və ya məhkəmə qərarları bu üzdən həmişə inamsızlıqla qarşılanacaq: «Tutalım, bir sual hələ də açıq qalır: niyə «Hizbullah»çılar Ziya Bünyadovu öldürmək istəməliydilər? Həkimin səhvini torpaq gizlədiyi kimi, hakimin səhvini həbsxana gizlədir. Həbsxananın gizlədiyi, istintaqçıların tam araşdırmadığı çox sirlər var. Nə vaxt həbsxananın gizlədiyi sirlərə işıq salınacaq, bilmək olmaz. Bunun üçün siyasi hakimiyyət dəyişməlidir yəqin». Son illərin ən çox danışılan qətllərini indi birgə xatırlayaq: Əjdər Xanbabayev - «Azərbaycan» nəşriyyatının baş direktoru 1989-cu ildə iş otağında öldürülüb. İndiyədək qətlin motivi məlum deyil. Amma onu siyasi sifarişli qətl kimi dəyərləndirirlər. Əjdər Xanbabayevin sabiq prezident Heydər Əliyevə yaxınlığı ilə seçildiyi də deyilir. Eldar Bağırov Bağırov Eldar Teymur oğlu 1988-89-cu illərdə Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində ciddi rolu olub. 1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlin istintaqı tam başa çatmayıb. Həmin vaxt qətlin törədilməsi ilə bağlı 2 versiya hallandırılırdı: 1. Eldarın aradan götürülməsi o vaxtkı hakimiyyətə sərfəli idi; 2. O, qan düşmənçiliyi nəticəsində qətlə yetirilib. Faktların heç biri rəsmən təsdiqlənmədi. Qan düşmənçiliyində və qətli törətməkdə adı hallanan adam bu ittihamları qəbul etmirdi və o, həbs edilmədi. Şahmərdan Cəfərov 1958-ci ildə anadan olub. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Milli Məclisin deputatı olub, Naxçıvan sərhəd qoşunlarına başçılıq edib. 1995-ci il iyunun 17-də Naxçıvanın Culfa rayonu, Əbrəqonis kəndi yaxınlığında avtomat silahlardan atəşə tutulub. 9 güllə yarası alıb. İyunun 29-da Şüvəlan həbsxanasında vəfat edib. Beynəlxalq təşkilatlar və Amerika Dövlət Departamenti Şahmərdan Cəfərovun qətlinin araşdırılmasını Azərbaycan rəhbərliyindən tələb edib. Rəsmi məlumatlara əsasən, Ş.Cəfərov polisə silahlı müqavimət göstərərkən qətlə yetirilib. Lakin Aİ hesabatında bildirilir ki, ağır yaralanmış Ş.Cəfərovu Naxçıvan xəstəxanasına polis deyil, yerli sakinlər çatdırıblar. Onun Naxçıvandan Bakıya niyə gətirilməsi və Şüvəlan həbsxanasında ölməsi faktına da aydınlıq gətirilməyib. Eduard Hüseynov - Azərbaycanın ilk kontr-admiralı, Bakı Dənizçilik Məktəbinin rəhbəri 1938-ci ildə anadan olub. 1993-cü ilin aprelində yaşadığı binanın girişində qətlə yetirilib. O, ölümündən bir qədər əvvəl yaxınlarına hədə dolu telefon zəngləri aldığını deyirmiş. Qətllə bağlı məhkəmə hökmü var, bir neçə nəfər həbs edilib. Afiyəddin Cəlilov – parlament sədrinin müavini 1946-cı ildə doğulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 1990-cı ildənsə Azərbaycan parlamentinin sədr müavini olub. 1994-cü il sentyabrın 29-da yaşadığı binanın blokunda qətlə yetirilib. Onun 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Bu işdə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovsa günahsız olduğunu bildirir. Şəmsi Rəhimov - Prezident Yanında Xüsusi İdarənin rəisi Elə Şəmsi Rəhimov da Afiyyədin Cəlilovla eyni gündə, yaşadığı binaya girərkən öldürülüb. Onun da dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Ölkə xaricində olan, BMT-nin sessiyasında iştirak edən o vaxtkı prezident Heydər Əliyev bu qətllərin Azərbaycanın müstəqilliyi əleyhinə yönəldiyini bəyan etmişdi. Sonradan qatillərin həbs edildiyi və uzun müddətə azadlıqdan məhrum edildiyi bildirildi. Ziya Bünyadov - akademik, deputat 1923-cü ildə Astarada doğulub. Sovet İttifaqı Qəhramanı, Elmlər Akademiyasının vitse-prezidenti olub. Eyni zamanda, deputat idi. Qətlindən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirmişdi. Və bu sənədlər haqda parlamentin qapalı toplantısında həmkarlarına məlumat verdiyi də deyilir. 1997-ci ilin fevralında yaşadığı binanın qarşısında öldürülüb. Akademikin terror təşkilatı kimi tanınan «Hizbullah» üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir. Əli Ansuxski - deputat 1948-ci ildə Balakəndə doğulub. İş adamı və doğulduğu rayonda böyük nüfuz sahibi olub. Onun separatçı qurumlarla işbirliyində olması haqda fikirlər dolaşıb. 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Güllə ağzına vurulub. Deputatın qatili olduğu deyilən şəxs həbsdədir. Etibar Elkin - ekstrasens 1948-ci ildə Qazax rayonunda doğulub. Uzun illər Azərbaycan televiziyasında çalışıb. SSRİ Jurnalistlər Birliyinin üzvü olub. Jurnalistdən daha çox ekstrasens kimi tanınıb. Bakı Parapsixologiya və Teologiya İnstitutunun rektoru olub. 1999-cu ilin yanvarında gecəyarısı Bayıldakı evində iki oğlu - Əfrasiyab və Elşadla birgə qətlə yetirilib. Qətli «Ceyşullah» adlı təşkilatın üzvlərinin törətməsi haqda məhkəmə hökmü olsa da, tərəfdarları buna inanmırlar. Rövşən Əliyev - Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəisi, kriminalist 1958-ci ildə anadan olub. 2002-ci il martın 12-də axşam saatlarında Bakı şəhəri, Nizami küçəsində bina girişində odlu silahla qətlə yetirilib. Bu qətli adam oğurluğu və qətllərlə məşğul olan DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi banda tərəfindən törədildiyi deyilir. Hacı Məmmədov Rövşən Əliyevi bandanın izinə düşdüyü üçün öldürdüyünü desə də, qətlin «siyasi sifariş» olduğunu, sifarişçinin Daxili İşlər Nazirliyinin idarə rəisi Zakir Nəsirov olduğunu da söyləyib. Hərçənd mütəxəssislər qətllə bağlı bir çox sualların açıq qaldığı qənaətindədirlər. Azər İsmayılov - DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi 2000-ci il iyunun 21-də gündüz şəxsi avtomobili ilə «Ramstor» ticarət mərkəzinə gedərkən yoxa çıxıb. Yalnız bir neçə il sonra ifşa olunan Hacı Məmmədov bu qətli də özünün törətdiyini və bundan peşman olmadığını etiraf edib. Fətulla Hüseynov («Qara polkovnik» ləqəbiylə tanınır) 1937-ci ildə Tovuzda doğulub. İxtisasca hüquqşünasdır. Respublika Yol Polisinin rəis müavini, DİN-in polis polkunun komandiri işləyib. Qarabağ döyüşlərində iştirak edib. Orden və medallarla təltif olunub. 1995-ci ildə Rövşən Cavadovun başçılıq etdiyi XTPD qiyamının silahla yatırılmasına etiraz olaraq DİN-dən istefa verdiyini bildirib. Fətulla Hüseynov həmçinin AFFA-nın vitse-prezidenti olub. 2004-cü ilin iyununda səhər saatlarında yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi deyilir. Hacı Məmmədov məhkəmədə bu qətlin də «siyasi sifariş» olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı. Elmar Hüseynov - jurnalist 1967-ci ildə Bakıda doğulub. İnşaat Mühəndisləri İnstitutunun məzunudur. Redaktoru olduğu «Bakı bulvarı» qəzeti və «Monitor» jurnalında hakimiyyəti sərt tənqid edən məqalələr yazıb. 2005-ci ilin martında yaşadığı binanın blokunda qətlə yetirilib. Ölümündən iki il sonra həyat yoldaşı və oğlu mühacirət edib. Xanımı Ruşaniyyə Hüseynova sonradan deyib ki, hədələrlə üzləşdiyinə görə, bu addımı atıb. İstintaqı aparan MTN qatillərin Teymuraz Əliyev və Tahir Xubanov olduğunu, qətldən az sonra onların ölkəni tərk etdiklərini, müttəhimlərin axtarışlarının davam etdirildiyini deyir. Amma bu versiyadan sonra Hacı Məmmədov məhkəmədə deyib ki, redaktoru sabiq nazir Fərhad Əliyevin sifarişiylə onun dəstə üzvləri öldürüb. MTN bu versiyanı araşdırsa da, hələlik rəsmi açıqlama yoxdur. Rail Rzayev - Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant 1945-ci il martın 10-da Bakıda anadan olub. Rusiyada marşal Jukov adına Hava Hücumundan Müdafiə Akademiyasını bitirib. 1993-cü ildən Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı postunda çalışıb. Onun qətliylə bağlı hələlik rəsmi versiya və həbs olunan yoxdur. P.S. Biz ötən əsrin sonlarından başlayan başqa qətllərə də toxuna bilərdik. Məsələn, prezidentlər Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin və Heydər Əliyevin qısa müddət köməkçisi işləmiş Gürşad Zərbəliyevin qətli. Və ya prezident Elçibəyin dövründə mətbuat xidmətində çalışmış, amma 4 iyun qiyamından sonra öldürülən Sabir İsmayılovdan da danışa bilərdik. Eləcə də iş adamları və sahibkarların ölümünü da sıralamaq olardı. Və ya o qədər də uzaq olmayan 80-ci illərə qayıdıb, populyar «Dalğa» verilişində Heydər Əliyev dövrünün repressiyaları barədə danışandan sonra telefon naqiliylə boğulmuş şəkildə tapılan Daxili İşlər nazirinin sabiq müavinini də xatırlamaq olardı. Bu qətllərlə bağlı indiyədək səslənən siyasi və başqa ehtimallara da toxuna bilərdik. Amma elə bunsuz da sual yaranır ki, vəzifə və nüfuz sahiblərinin asanlıqla öldürüldüyü yerdə sıravi adamlar öz təhlükəsizliyinə nə qədər əmin ola bilər? Hərçənd ki, sıravi adamların da hədəfdə olub-olmadığını yalnız bu qətllərin həqiqi motivləri açıqlanandan sonra aydınlaşdırmaq olar.
«Hacı Məmmədovdan şantaj aləti kimi istifadə edirlər»
Oktyabrın 27-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) Daxili İşlər Nazirliyinin (DİN) keçmiş zabiti Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin daha bir üzvü Məmmədəli Əliyevin həbsi haqda xəbər yayıb. 1995-ci ildən axtarışda olan M.Əliyev Abşeron Rayon Polis İdarəsinin sabiq rəisi olub və H.Məmmədova yaxınlığı ilə tanınıb. Xəbərdə bildirilir ki, M.Əliyev 1993-cü ildə Cavanşir Piriyev adlı iş adamını qətlə yetirib. Vəkil Adil İsmayılov deyir ki, bu dəstənin törətdiyi cinayətlərin üstünün bir-bir açılması Hacı Məmmədovun MTN-in istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülməməsinə xidmət edir: «Hacı Məmmədov bu işin məhkəməsi qurtarandan indiyə qədər MTN-də saxlanılır. Onu saxlamaq üçün bir əsas gərək idi. Faktiki olaraq bu cinayəti Hacı Məmmədovun törədib-törətmədiyini demək çətindir. Ancaq bütün hallarda onun istintaq təcridxanasında saxlanması qanuna ziddir». Hüquqşünas Eyyub Kərimov isə deyir ki, Məmmədəli Əliyevin indiyə qədər tutulmaması DİN-in yüksək rütbəli şəxslərinin onu himayə etməsi kimi başa düşülməlidir. Onun fikrincə, M.Əliyevin həbs edildiyi Nardaran kəndi DİN-in xüsusi nəzarətində olan ərazidir. Bu səbəbdən DİN-də Məmmədəli Əliyevin burada gizlənməsi haqda informasiyanın olmaması inandırıcı görünmür: «Bu cinayət Ramil Usubov nazir təyin ediləndən öncə törədilib. Ancaq gün kimi aydındır ki, əməlin üstünün açılmamasında maraqlı tərəf yalnız və yalnız DİN-dir». Bu ittihamla bağlı Daxili İşlər Nazirliyindən mövqe öyrənmək mümkün olmadı. Siyasi şərhçi Rauf Mirqədiov isə məsələyə DİN-MTN qarşıdurması prizmasından yanaşılmasını doğru sayır. Onun sözlərinə görə, himayəçiləri hələ də Hacı Məmmədovdan şantaj aləti kimi istifadə edir: «Hacı Məmmədovun dəstəsinin törətdiyi cinayətlərin hamısının üstünün açılmamasında siyasi elitada olan şəxslərdən kimlərinsə marağı var. Hacı Məmmədov özü bildirirdi ki, kimlərinsə sifarişlərini yerinə yetirir. Ancaq o, sona qədər sifarişçilərin adlarını çəkmədi. Əgər indiyə kimi Hacı cəzaçəkmə müəssisəsinə göndərilməyibsə, deməli, onun daha açıq məkana köçürülməsində maraqlı olmayan qüvvələr var». R.Mirqədirovun fikrincə, Hacı Məmmədov çox informasiyalıdır. Onun cəzaçəkmə müəssisəsinə köçürülməsi isə kənara informasiya ötürməsi və zərərsizləşdirilməsinə səbəb ola bilər. Rauf Mirqədirov düşünür ki, H.Məmmədovun dəstəsinin törətdiyi cinayətlərin hamısının eyni vaxtda deyil, iqtidar komandası üçün önəmli, qruplaşmalararası gərginliklər artan məqamlarda üzə çıxması deyilənləri sübut edir.
«Tolışi-Sədo» qəzetinin əməkdaşlarının prosesi qapalı keçirilir
Dekabrın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Talış» Mədəniyyət Mərkəzinin sədr müavini, «Tolışi-Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov və qəzetin əməkdaşı Elman Quliyevin prosesi başlayıb. Proses qapalı keçirildiyi üçün hələlik bu iş barədə məlumat o qədər də çox deyil. Rəsmi məlumat isə ondan ibarətdir ki, hər iki şəxs dövlətə xəyanətdə və irqi ayrı-seçkilikdə ittiham edilir. Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov isə deyir ki, əsas irəli sürülən ittihamlara görə, guya «Tolışi-Sədo» qəzeti və «Talış» Mədəniyyət Mərkəzi İrandan maliyyələşirmiş. İstintaq müddətində bunun həqiqət olmadığı aydınlaşanda, müstəntiqlər məsələni başqa səmtə yönəltməyə çalışıblar. Guya «Tolışi-Sədo» qəzeti ifrat millətçiliyi təbliğ edib. Ancaq bunu da sübut edə bilmədikləri üçün hazırda məhkəmə qapalı keçirilir. Hilal Məmmədov deyir ki, ittihamnaməyə görə, guya «Tolışi-Sədo» qəzetində talış idmançıları təbliğ edilib, talış təbiətinin vəziyyəti barədə materiallar dərc olunub. Və guya bütün bunlar İranın xüsusi xidmət orqanlarının tapşırığına əsasən olub: «İttihamnamədə o da var ki, guya Novruzəli Məmmədov kimlərisə gələcəkdə muxtariyyət qurmaq işinə yardımçı olması üçün XİN-də yerləşdirməyə cəhd edib. Azərbaycandakı talışlar barədə məlumatları İran tərəfinə çatdırıb». Hilal Məmmədov hesab edir ki, bütün bunlar siyasi şoudur. Məqsəd ABŞ-a burada İranla bağlı casus şəbəkəsinin ifşa olunduğunu göstərməkdir. Həmçinin həmin ərazidə yaşayanlarda İrana münasibətdə xof yaratmaqdır. Onun sözlərinə görə, bu, Azərbaycana kənardan gələn siyasi sifarişdir. Bir neçə gün əvvəl hökmü oxunan Səid Dadaşbəylinin dəstəsi, ondan əvvəl Sumqayıtda baş verən vəhhabi insidenti və digər hadisələr barədə də belə fikirlər səsləndirilib. Sonuncu məhkəmə birbaşa din, radikal islam amillərinə bağlı olmasa da, İranın adının çəkilməsi yenə də məsələni beynəlxalq aləmin necə deyərlər, yaralı yerinə bağlayır. Əgər belə deyilsə və Novruzəli Məmmədov sadəcə, «Tolışi-Sədo» qəzetində kimisə təbliğ etdiyinə görə həbs olunubsa, bu, məsələni yenə də beynəlxalq aləmin Azərbaycanı onsuz da az tənqid etmədiyi söz və mətbuat azadlığına bağlayır. «Femida» qəzetinin baş redaktoru Eyyub Kərimov isə deyir ki, bu cür məsələlərdə Qərb və ya Şərq amili axtarmaq düz deyil. Əgər cinayət varsa, cəza da olmalıdır. Hadisənin kiminsə xoşuna gəlib-gəlməməsi də əsas məsələ deyil. Cinayətin olması və ya sübutların yetərliliyi barədə əlbəttə ki, məhkəmə və təqsirləndirilənin vəkili danışa bilər. Məhkəmənin qapalı keçirilməsinə gəlincə, Eyyub Kərimov deyir ki, işlə tanış olmasa da, əgər orada dövlət sirri, kəşfiyyat xarakterli məqamlar varsa bu, qanunidir. Kərimov bildirir ki, əgər jurnalist yox, adi adam da öz yazısında irqi, dini ayrı-seçkiliyə və s. bu kimi hallara yol verirsə, bundan ötrü qanunvericiliklə cəza nəzərdə tutulur. Onun sözlərinə görə, ancaq buna baxmayaraq hətta sovet dövründə də müəyyən məqsədləri – təfriqəçilik və sairəni həyata keçirmək üçün kəşfiyyat tərəfindən çox vaxt jurnalistlərdən istifadə olunub. Belə işlərdən ötrü bu, münbit sahə sayılır. Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov isə bildirir ki, məhkəmə Elman Quliyevin istəyi ilə qapalı keçirilir. Ancaq o, Quliyevin bu istəyinin nəzərə alındığı halda, niyə Novruzəli Məmmədovla bağlı qaldırılan üç əsaslandırılmış vəsatətdən heç olmasa birinin təmin edilməməsini anlamır. Onun sözlərinə görə, Novruzəli Məmmədovdan fərqli olaraq Elman Quliyev özünü günahkar sayır. Buna görə də prosesdə ilk olaraq o, dindirilir. Dekabrın 17-də proses davam edəcək.
«Paytaxtda qətllərin artması psixoloji gərginliklə bağlıdır»
Son günlər Bakıda odlu silahla törədilən cinayətlərin və qətllərin sayı artmaqdadır. Noyabrın 25-də şəhərin mərkəzində iş adamı Raquf Rüstəmov güllələnib. Bundan öncəsə polis əməkdaşına silahlı hücum olmuşdu. Bu cinayətlərin hamısını sıralamağa ehtiyac yoxdur. Çünki bunlar qısa zaman kəsiyində baş verib. Söhbətləşdiyimiz Bakı sakinləri bu cür halların çoxalmasından narahat olduqlarını, qadınlarsa axşam saatlarında küçəyə çıxmamağa üstünlük verdiklərini deyirlər: - Çox narahatam. Hüquq-mühafizə orqanları nəyisə gizlədirlər. Yəqin ki, kriminal qruplaşma var və onlar himayə olunur. - Axşam saatlarında küçəyə çıxmıram. Polis artıq bu haqda düşünməlidir. - Mən narahatam, özümə görə yox, qadınlara, uşaqlara görə. Məncə, bunlar əhalinin maddi durumu ilə bağlıdır. - Mən narahatam. Uşaqlara görə, dövlətimizə görə. Baş verənlər birinci növbədə maddi vəziyyətlə bağlıdır. - Cəmiyyətdə kriminal hadisələrin sayının artması narazılıq doğurur. Bu, araşdırılmalıdır. - Narahatıq. Ola bilsin, şəhərdə əlavə banda peyda olub. - Hər halda baş verənlər yaxşı hal deyil. Psixi təsir göstərir camaata… Bir müddət öncə Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, çoxsaylı qətllərdə və adam oğurluğunda ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmiş, təxminən 30 nəfərlik dəstəyə rəhbərlik etdiyi deyilən Hacı Məmmədov demişdi ki, azadlıqda daha bir cinayətkar qruplaşma fəaliyyət göstərir. Amma o, bu haqda geniş məlumat verməmişdi. Yeri gəlmişkən, ötən həftə vətəndaş Elxan Əlibəyovun qızı, Xəzər Universitetinin tələbəsi naməlum şəxs tərəfindən girov götürülmüş və külli miqdarda pul tələb olunmuşdu. Elə bu fakt da həm əhalini, həm də mətbuatı Hacı Məmmədovun dedikləri ətrafında yeni ehtimallar qurmağa vadar etmişdi. Çünki ittihamlara görə, sabiq idarə rəisinin dəstəsi də imkanlı adamların özlərini və ya yaxınlarını girov götürməklə və ya onları qətlə yetirməklə məşğul olmuşdu. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov Azərbaycanda hər hansı cinayətkar dəstə olmadığını və Xəzər Universitetinin tələbəsini girov götürən şəxslərin zərərsizləşdirildiyini deyir: «Mən bu fikirlərlə razı deyiləm. Dünyanın hansı ölkəsində cinayət olmur? Hər hansı cinayət baş verirsə, bunu kriminogen durumun nəzarətdən çıxması kimi başa düşmək olmaz. Azərbaycanda kriminogen durum tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır». Ancaq «Femida-007» qəzetinin redaktoru Eyyub Kərimov nazirliyin bəyanatını şübhə altına alır və həmin dəstənin mövcudluğunu istisna etmir. Onun qənaətincə, artıq həmin dəstə hüquq-mühafizə orqanlarından çəkinmir. Cənab Kərimov son cinayətlərin hamısını həmin dəstənin törədib-törətmədiyini müəyyənləşdirməyi nazirliyin öhdəsinə buraxır. Amma sual edir: Vəziyyət nəzarətdədirsə, cinayətlərin sayı niyə artır? Niyə şəhərin mərkəzində, hətta prezidentin yaşadığı ərazinin yaxınlığında odlu silahla cinayət törədilir, polisə hücum edilir və sairə… Eyyub Kərimov: «Həmin dəstə münbit şərait hiss edib və ona görə də öz dəsti-xəttini göstərməkdədir. Cinayətkar aləm hüquq-mühafizə orqanlarından çəkinmir. Polisi də güllələyirlər. Bu güllələr nazir Ramil Usubova atılan güllələrdir. Nə qədər ki, Daxili İşlər naziri Ramil Usubovdur, vəziyyət düzəlməyəcək, Hacının dediyi cinayətlər açılmayacaq…» Keçmiş polis əməkdaşı Mahmud Hacıyev isə ölkədə adam oğurluğu və qətllərlə məşğul olan mütəşəkkil cinayətkar dəstənin mövcudluğuna inanmır. Onun qənaətincə, qətllərin artması psixoloji gərginliklə bağlıdır. Hacıyev deyir ki, cinayətlərin kökündə işsizlik, yoxsulluq və patoloji gərginlik durur. Bir məqamı da deyək ki, cənab Hacıyev hələ bir qədər əvvəl payızdan etibarən cinayətlərin artacağını proqnozlaşdırmışdı: «Ədalətsizlik psixi gərginlik yaradır və vətəndaşı cinayətə sürükləyir. Kim istəyər üç-dörd adamı güllələsin, əlini qana bulasın? Onu vadar edən səbəb var, o səbəbi araşdırmaq lazımdır». Ekspertlərə görə, istənilən halda baş verənlərin günahkarı hüquq-mühafizə orqanlarıdır. Onlar cinayətlərin açılma dərəcəsinin 90 faizdən artıq olması ilə bağlı yalan məlumatlar verməklə nəyəsə nail ola bilməyəcəklər. Mahmud Hacıyev bildirir ki, güc nazirlikləri vəziyyəti düzgün qiymətləndirməli, mübarizəni düzgün qurmalıdırlar. Eyyub Kərimova görəsə, ciddi kadr dəyişikliyi aparılmalıdır. Bir neçə gün öncə paytaxtın bir neçə rayonunun polis rəisləri dəyişdirilib. Ramil Usubov bunun heç də son hadisələrlə bağlı olmadığını desə də, gəzən məlumatlara görə, noyabrın 28-də Daxili İşlər Nazirliyində kollegiya iclası keçiriləcək.
Sabiq nazirlərin günahı sübut olunmasa…
Hüquqşünaslar hesab edir ki, istintaq orqanı məhkəməyə təqdim olunacaq sübutlar toplaya bilməzsə onda təqsirləndirilən şəxslərin həbsinə xitam verilə bilər Artıq üçüncü dəfədir, həbsdə olan eks nazirlərin istintaq müddəti uzadılır. Əvvəl üç ay, sonra 4 ay, indi də 5 ay. Çərşənbə axşamı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin istintaq müddəti 5 ay uzadılıb, vəkillərin məhkəmə tərkibinə etirazına görə, sabiq səhiyyə naziri Əli İnsanovun istintaq müddətinin uzadılması ilə bağlı vəsatətə isə yaxın günlərdə apelyasiya məhkəməsində baxılacaq. Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan hər iki təqsirləndirilən şəxslə indiyə qədər bir neçə dəfə görüşən İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov hesab edir ki, əgər nazirlər ilkin istintaqdan tutmuş indiyə qədər onlara qarşı irəli sürülən ittihamları qəbul etməyibsə və həmin ittihamlarla bağlı hansısa bir konkret sübutlar üzə çıxmayıbsa onda müddətin uzadılmasına nə ehtiyac var? Komitə rəhbərinə görə, yaxşısı odur ki, sabiq nazirlərlə bağlı iş məhkəməyə göndərilsin. Fərhad Əliyevin vəkili Adil İsmayılov da deyir ki, əgər yeddi ay ərzində aparılan istintaq müddətində hər hansı sübut üzə çıxmayıbsa bu müddətin yenidən uzadılmasına lüzum yoxdur. Adil İsmayılova görə, sabiq nazirlərin işinin məhkəməyə göndərilməsini mümkünsüz edən də elə istintaq zamanı tutarlı faktların üzə çıxmamasıdır. Əgər hər şey vəkillərin dediyi kimidirsə və istintaq daha beş ay müddətində də hər hansı bir tutarlı fakt aşkarlamazsa onda sabiq nazirlər azad oluna bilərmi? Adil İsmayılov buna o qədər də inanmır. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsin istintaq müddəti qanunvericilikdə aydın göstərilib və bu müddət bir il altı aydan artıq uzadıla bilməz. Hüquqşünas Eyyub Kərimov istintaq müddətinin uzadılmasında hüquqa zidd elə bir hal görmür. Amma o hesab edir ki, bu məsələdə qeyri-müəyyənlik baş prokurorun sabiq məmurların günahlarının tam sübut olunmasıyla bağlı dediyi fikirlərdən sonra yaranıb. Eyyub Kərimov hesab edir ki, hazırda Milli Təhlükəsizlik Nazirliyində aparılan ibtidai istintaqın gəldiyi nəticəni məhkəmə qəbul etməyə də bilər. Digər bir tərəfdən cənab Kərimov bildirir ki, əgər ibtidai istintaq məhkəməyə təqsirləndirilən şəxsin əməli ilə bağlı tutarlı faktlar təqdim edə bilməzsə həmin şəxs məhkəmədə bəraət ala bilər. Hüquqşünasa görə, ibtidai istintaqın müddətinin tez-tez uzadılması da qanunla tənzimləndiyindən bunun da bir həddi var. Əgər həmin istintaq orqanı məhkəməyə təqdim olunacaq sübutlar toplaya bilməzsə onda təqsirləndirilən şəxslərin həbsinə xitam verilməsilə bağlı qərar çıxara bilər. Cənab Kərimov hesab edir ki, əgər uzadılan istintaq müddəti qanunvericilikdə göstərilən müddəti keçərsə bu zaman da təqsirləndirilən şəxsin əməlləri təsdiq olundu-olunmadı onun həbsdə saxlanması qeyri-mümkündür. Elə bu baxımdan həmsöhbətim hesab edir ki, əgər sabiq nazirlərin günahı istintaq müddətində sübuta yetirilməsə onlar həbsdən azad olunmaqla istintaqa cəlb edilə bilər.
Güc qurumları üz-üzə
Şirkət işçilərin tələblərini müzakirə etməyə hazır olduğunu deyir Ekspertlər hesab edirlər ki, hüquq-mühafizə orqanları arasında ziddiyyətlər var Son vaxtlar hüquq-mühafizə orqanları ilə bağlı iki məlumat diqqəti çəkir. Daxili İşlər Nazirliyinin istintaq idarəsinin keçmiş rəisi Zakir Nəsirovun cinayətdə günahlandırılmasına DİN və Baş Prokurorluğun fərqli münasibəti. Bir də Gəncədə istintaq bölməsinin rəhbəri Koroğlu Qasımova qarşı prokurorluğun cinayət işi açması. «Femida» qəzetinin baş redaktoru Eyyub Kərimov deyir ki, güc strukturları özləri etiraf etməsələr də, onlar arasında ziddiyyətlər var və bu, davam edir. Onun sözlərinə görə, DİN və Respublika Prokurorluğu arasında belə hallar baş verdikdə ölkə başçısı dərhal bu qurumların rəhbərlərini vəzifədən kənarlaşdırmalı idi. Eyyub Kərimov baş verənlərin təsadüf olmadığını bildirir. Baş prokurora seçkilərdən sonra danışmaq tapşırılıb. Ancaq yəqin ki, daxili işlər naziri də bunu cavabsız qoymayacaq. Ötən parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında çalışmış, millət vəkili Zahid Oruc deyir ki, əgər söhbət konkret Zakir Nəsirovla bağlı məsələdən gedirsə, bəzi mətbu orqanlarının iddia etdiyi kimi, bunu bunu hüquq-mühafizə orqanlarının çəkişməsi və ya birinin digərini sıradan çıxarmaq cəhdi kimi izah etmək ciddi səslənmir.
Ekspertlər prezidenti generalların mübahisəsinə qarışmağa çağırırlar
İlham Əliyev: «Ölkədəki sabitliyi pozmağa cəhd göstərənlərə layiqli cavab veriləcək» Daxili işlər naziri Ramil Usubovla Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev arasındakı çəkişmələr haqda mətbuatda uzun müddətdir ki, məlumatlar verilir. Amma tərəflər son vaxtadək bu məsələyə münasibət bildirmirdi. Buna ilk reaksiyanı “Femida-007” qəzetinə müsahibəsində polis general-leytenantı Məhərrəm Əliyev verdi. Onun dediyindən belə aydın olur ki, münaqişə daha çox polisin səlahiyyətlərinin məhdudlaşdırılmasıyla bağlıdır. O, həmin müsahibəsində DİN-də baş verən bir çox hadisələrdən məlumatlı olduğunu bildirir, hətta ona sui-qəsd hazırlandığı ehtimalını irəli sürür. Daxili işlər naziri Ramil Usubov isə bildirib ki, o, vəziyyətin gərginləşməsinin tərəfdarı olmadığından Məhərrəm Əliyevin dediklərinə cavab vermək istəmir. “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimov hesab edir ki, Məhərrəm Əliyevin nazirlikdə baş verən qanunsuzluqlar haqda məlumatlı olması nazir Ramil Usubovla münasibətləri gərginləşdirib. "Müsahibədən belə çıxır ki, Bakı şəhər polisinin bir sıra səlahiyyətləri olduqca azaldılıb. Digər tərəfdən, şəhər polisi baş vermiş cinayətlərlə əlaqədar çox böyük məlumatlara malikdir. Bu, onlar arasında konflikti daha da şiddətləndirir". Keçmiş polis rəisi Mahmud Hacıyev isə düşünür ki, nazirlə polis rəisi arasında açıq narazılıq həm şəxsi, həm də vəzifələri ilə bağlı ola bilər. "Ola bilsin, şəxsi münasibətləri düz gəlməyib. Ya Məhərrəm müəllimin könlündən nazir olmaq keçib, ya nazir eşidib ki, Məhərrəm müəllimin nazir olmaq şansı var və ona görə də onunla münasibəti kəskinləşdirib". Hər iki həmsöhbətimiz hesab edir ki, belə bir vəziyyətdən cinayətkar aləm məharətlə istifadə edə və ölkədə müxtəlif hadisələr törədə bilər. “Femida-007” qəzetinin baş redaktoru Eyyub Kərimov deyir ki, yaranmış vəziyyətə həm ölkə prezidenti, həm də nazir Ramil Usubov öz münasibətini bildirməlidir. Prezidentin problemə bəlkə də seçkiyə qədər münasibət bildirmək istəmədiyini güman edən Eyyub Kərimova görə, bu halda daha pis hadisələr baş verə bilər. "Prezident bəlkə də hesab edir ki, seçkiyə qədər DİN kimi bir qurumun rəhbərliyini silkələmək olmaz. Çünki, Ramil Usubov vəzifədən getsə, tək o, getməyəcək". Sabiq polis rəisi Mahmud Hacıyev də hesab edir ki, seçkiöncəsi iki general arasındakı mübarizənin qarşısı alınmasa, bu təhlükəli halların baş verməsinə gətirib çıxara bilər. "İki quruma rəhbərlik edən general arasında müharibə gedirsə, bu mütləq qaydada cinayətkarlığın artmasına, cinayətkarlığa qarşı mübarizəyə mənfi təsir göstərir".
MTN Elmar Hüseynovun qətliylə bağlı anonim məktubu araşdıracaq
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətliylə bağlı onun iş yoldaşı və dostu olmuş Enyulla Fətullayevə anonim məktub göndərilib. Onun müəllifi jurnalistin qatilini tanıdığını deyir. Bu məktub alınandan az sonra MTN və qəzet redaktorları bir yerdə onu müzakirə ediblər. Təbii sual yaranır: «Belə bir məktubun peyda olması nə qədər ciddidir? Anoloji araşdırmalar zamanı anonim məktubun daxil olması birinci dəfədirmi?» «Femida007» qəzetinin redaktoru Eyyub Kərimov deyir ki, istintaqçılar üçün belə anonim məktublar təzə xəbər deyil. Onun sözlərinə görə, buna qədər də mətbuata belə məktub göndərilib. Amma üç il əvvəl. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini və kriminalistika şöbəsinin rəisi Rövşən Əliyev öldürləndən sonra. «Həmin məktubda da bir sıra adlar hallanır, bir sıra istiqamətlər göstərilirdi. Düzdü, orda Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı Hacı Məmmədov haqda bircə kəlmə də deyilmirdi. Amma elə onda da bildirilirdi ki, Rövşən Əliyevi qətlə yetirənlər uzaqda axtarılmamalıdır, onlar polisdə işləyirlər. Həmin şəxs prezidentlə görüşüb ona məlumat vermək istəyirdi. Amma o zaman bu məktuba məhəl qoyulmadı». Eyyub Kərimov hesab edir ki, Elmar Hüseynovla bağlı məktubdan bəzi məqamlar istintaq üçün ipucu da, onu yanlış izə də apara bilər. «Femida007» qəzetinin redaktoru bu dəfə başqa ölkədən misal gətirir. O deyir ki, Rusiyanın ORT telekanalının aparıcısı Vladislav Listyev qətlə yetiriləndən sonra da istintaqa müxtəlif məzmunlu məktublar daxil olurmuş. «Rusiyanın o vaxtkı baş prokuroru sonra bu haqda qələmə aldığı kitabında yazır ki, həmin məlumatlar yoxlandıqda istintaq yenidən dalana dirənirdi. Sonradan başa düşüblər ki, həmin versiyaların irəli sürülməsində məqsəd də vaxtın uzanması, izlərin itirlməsi və həqiqətin üzə çıxmamasıdır». Hərçənd Eyyub Kərimov məktub müəllifinin istintaqı dalana dirəmək yoxsa ona ipucu vermək istədiyini zamanın göstərəcəyini deyir. Başqa bir ekspert, Beynəlxalq Terrorizmə və Korrupsiyaya Qarşı Bank İnformasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Rövşən Novruzoğlu isə bu məktubu həm istintaqın gedişində maraqlı, həm də bu iş haqda məlumatlı olan mənbələrin yazdığını düşünür. Onun qənaətincə, ola bilsin ki, Milli Təhlükəsizlik Nazirliyi yeni izə düşüb və bununla bağlı əməliyyat hazırlayır. Həmin mənbələr isə belə anonim məktubla vaxtı uzatmağa və ya işi dolaşdırmağa çalışırlar. Rövşən Novruzoğluna görə, Milli Təhlükəsizlik Nazirliyi istintaqı dayandırsa, Azərbaycanda yeni qətllər dalğası başlana bilər. Ancaq Elmar Hüseynovun qatili tapılsa, bundan Azərbaycan uda bilər. Bu da Rövşən Novruzoğlunun anonim məktubla bağlı irəli sürdüyü ehtimalıydı. Yəni o qəti əmindir ki, bu məktub Elmar Hüsenyovun qətliylə bağlı izi azdırmaq üçün yazılıb. Amma bununla belə Eyyub Kərimov bildirir ki, məktub anonim olsa da, hüquq-mühafizə orqanları buna münasibət bildirməlidirlər. Cəmiyyətdə, mətbuatda yanlış versiyaların yayılmasına imkan verməməlidirlər. Qəzet redaktoruna görə, indiki şəraitdə belə versiyaların yaranmasına müəyyən zəmin də var: «Elmar Hüseynovun öldürülməsinin üstündən iki aya yaxın vaxt ötsə də, istintaq yerində addımlayır, təzə heç nə tapılmayıb». Milli Təhlüksəizlik Nazirliyi mətbuat xidmətinin rəhbəri Arif Babayev isə deyir ki, Elmar Hüseynovun qətliylə bağlı məktub araşdıralacaq və ona müvafiq cavab veriləcək.
Eyyub Kərimov: «Baş prokuror daxili işlər nazirinə Hacı Məmmədov haqda 2002-ci ildən məlumat veribmiş»
Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” «Femida007» qəzetinin redaktoru Əyyub Kərimov iddia edir ki, ötən həftə baş prokuror Zakir Qaralovun 2002-ci il 14 fevralda daxili işlər naziri Ramil Usubova və az sonra onun müavini Ramiz Rzayevin milli təhlükəsizlik naziri Tofiq Babayevə göndərdiyi məktubları əldə edib. Qəzet redaktorunun sözlərinə görə, baş prokurorun nazirə göndərdiyi məktubdan məlum olur ki, Milli Təhlükəsizlik Nazirliyinin bu il keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində həbs olunmuş və adam oğurluğunda, qətllər törətməkdə günahkar bilinən Hacı Məmmədovun dəstəsi haqda hələ 2002-ci ildən hüquq-mühafizə orqanlarında məlumat olub. Buna sübut kimi Eyyub Kərimov bir faktı xatırladır. Baş prokurorun məktubundan bir ay sonra, martın 13-də adam oğurluğu və qətllə məşğul olan cinayətkar dəstənin işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müaivni və kriminalistika şöbəsinin rəisi Rövşən Əliyev qətlə yetirilib. «Femida007» qəzeti yazır ki, Zakir Qaralovun Ramil Usubova məktubundan aydın olur ki, vətəndaş Mehman Səmədovun adam oğurluğunda şübhəli bilinən Fərhad Məmmədov Daxili İşlər Nazirliyinin əməliyyat müvəkili Hacı Məmmədovun əmisioğludur. Və Hacı Məmmədova məxsus Qusardakı Qarabulaq istirahət zonasını da o işlədir. Əyyub Kərimov deyir ki, artıq bu işlə bağlı illər itirilib və günahkar da nazir Ramil Usubovla baş prokuror Zakir Qaralovdur. Onlar cinayətkarı dəqiq tanıyıblar və onunla işləməyə davam ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə həmin məktubdan xəbərsiz olduqlarını deyir. O əlavə edir ki, nazirlik mətbuatda yazılanlara ciddi yanaşmır və onlara münasibət bildirmək istəmir. Baş prokurorluğunun mətbuat xidmətindən isə bildirdilər ki, bu sualı cavablandırmağa onların səlahiyyəti yoxdur. Söhbət prokurorluğun birinci şəxsindən getdiyi üçün bu ittihamlara da baş prokuror Zakir Qaralov özü cavab verə bilər. Ekspert Rövşən Novruzoğlu isə «Femda007» qəzetində çıxan məktubun həqiqətuyğun olduğunu və bunun jurnalist məhsulunun təxəyyülü olmadığını düşünür. O qəzetdə dərc olunan məktubda deyilənlərin dırılması üçün yeni istintaq qrupunun yaradılmasını da vacib sayır. Ekspert Rövşən Novruzoğlunu narahat edən budur ki, nəzarətedici olan orqan baş prokurorluq həmin məktubdan sonra təhlükəsizlik və daxili işlər nazirliklərinin fəaliyyət göstərmədiyni, deyilən faktları araşdırmadığını görəndə niyə dövlət başçısına müraciət etməyib. Əslində bu onun vəzifə borcu idi. Eyyub Kərimov isə ümid edir ki, dövlət başçısı İlham Əliyev atası Heydər Əliyevin üzərinə kölgə düşməsinə imkan verməyəcək və bu məsələni sonadək araşdıracaq. MƏLUMATI YERLƏŞDİRDİ KƏRİMLİ ZAKİR
Форма входа
Поиск
Календарь
«  May 2024  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Друзья сайта
  • Boxca.com
  • Divaneden.com
  • qaxlilar.ucoz.ru
  • zero-cool.ucoz.ru
  • Box.az

  • Copyright MyCorp © 2024